Türk Akademiyasının Elmi Şurası Qazaxıstanda 8-ci İclasını Uğurla Keçirdi

Link kopyalandı

...

08.06.2026, 22:35

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

İyunun 8-də Qazaxıstanın Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib. Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsul rəsmi nümayəndələri, eləcə də Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

İclasda Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihə və tədbirlər, 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə yubiley tarixləri müzakirə olunub. Xüsusilə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilənin, eləcə də ali təhsil və elmi müəssisələr arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir Azərbaycanın elm və texnologiya sahəsində innovasiyayönümlü inkişaf modelinə xüsusi önəm verdiyini, süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji kimi sahələrin əsas prioritetlər sırasında olduğunu qeyd edib.

Türk Akademiyasının Türk dünyasında ortaq elmi potensialın gücləndirilməsi, tədqiqat mərkəzlərinin və bilik mübadiləsi mexanizmlərinin inkişafı baxımından mühüm rol oynadığı bildirilib. İclasın sonunda Elmi Şuranın sədrliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi və 9-cu iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.

Link kopyalandı